Qızıl Aypara Cəmiyyətinin 104 illiyi ilə bağlı tədbir keçirilib
11 mart 2024 | 16:16
Martın 11-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə 231 nömrəli tam orta məktəbin akt zalında Cəmiyyətinin 104 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzu ətrafında şagirdləri geniş şəkildə məlumatlandırıblar. Tədbirdə çıxış edən natiqlər humanizm və könüllülük prinsipinə əsaslanaraq xeyriyyəçilik sahəsində fəaliyyət göstərən, dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak etmiş, 104 il şərəfli inkişaf yolu keçmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən, göstərdiyi səmərəli fəaliyyətdən danışaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoyub. Vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım olub.
Daha sonra mövzularla əlaqəli video-çarxlar nümayiş olundu.
Sonda rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər göstərdiyi fəallığa görə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.