Qurban Bayramı Bakı Şəhəri Pirallahı rayonunda da təşkil olunmuşdur
17 iyun 2024 | 16:50
İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban Bayramı xeyirxahlıq və fədakarlıq rəmzi hesab edilir. Milli-mənəvi dəyərləri daim üstün tutan Azərbaycan xalqı Qurban Bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarının nəzarəti altında 16-17 iyun tarixlərində iri və xırdabuynuzlu heyvanların kəsimi həyata keçirilmişdir. AQTA tərəfindən verilmiş müasir standartlara cavab verən çadır tipli kəsim məntəqəsi RİH tərəfindən gətirilmiş və Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 51B ünvanında quraşdırılmışdır. Diri heyvanların yerləşdirilməsi üçün uyğun yer ayrılaraq ətrafı çəpərə alınmışdır. Bütün kommunal infrastruktur və şərait yaradılmış, o cümlədən tullantıların atılması üçün 4 ədəd konteyner quraşdırılmışdır. Kəsim baytar həkimin nəzarəti altında qəssablar tərəfindən həyata keçirilmişdir. Sanitar-gigiyenik qaydalara ciddi riayət olunmuşdur. Eyni zamanda qəssablar və sakinlər tərəfindən satış və kəsim məqsədilə gətirilmiş heyvanlar üçün də xüsusi şərait yaradılmışdır. 20-dən çox iri və xırdabuynuzlu heyvanlar kəsilərək qablaşdırılmış, ümumilikdə 400 kq-dan çox ət şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ahıllar və aztəminatlı ailələr olmaqla 369 nəfərə paylanılmışdır. Bununla yanaşı, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən 10 şəhid ailəsinə ərzaq sovqatı təqdim olunmuşdur. Bu humanitar aksiyada RİH ilə yanaşı müəssisə rəhbərləri və sahibkarlar da fəallıq göstərmişlər. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz xüsusi minnətdarlıqlarını çatdırmışlar.