Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdilər

20 yanvar 2023 | 11:53
     20 Yanvar faciəsi 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif növ silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olundu.
     Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.
       Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır.
       Yanvarın 20-də Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.  Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Keçidlər