Rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdilər
20 yanvar 2025 | 14:51
20 Yanvar faciəsi 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif növ silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olundu.
Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı düşməndən təmizlədi. 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatları nəticəsində Şanlı Azərbaycan Ordusu düşmən üzərində Zəfər qazanmaqla şəhidlərimizin uğruna canlarını qurban verdiyi suverenliyimizi bərpa etdi. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında, Xankəndidə, Xocalıda Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır.
Yanvarın 20-də Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin xatirəsi ölkə ərazisində, o cümlədən Pirallahı rayonunda bir dəqiqəlik sükutla yad edildi. Bu gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirildi.