Rayonumuzda 17 noyabr Milli Dirçəliş günü ilə bağlı tədbirlər keçirilib
17 noyabr 2022 | 12:36
Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “17 noyabr Milli Dirçəliş günü” ilə bağlı tədbirlər keçirilib.Tədbirlərdə dövlət himnimiz səsləndirilmiş, şəhidlərimizin müqəddəs ruhu sükutla yad edilmişdir.
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Tədbirlərdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq qeyd etmişdilər ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Ümummilli Liderin sədrliyi ilə keçirilən bu sessiyanın qərarı ilə muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu, müstəqillik uğrunda mübarizənin tərkib hissəsi oldu. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu.
Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizi gələcəyə yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın Dirçəliş Günü milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş verən milli oyanış bütün sahələrdə əldə olunan uğurların təzahürü torpaqlarımızın tezliklə işğaldan azad edilməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Milli dirçəliş sahəsində qazanılan uğurlar ən böyük sərvətimizdir. Çünki digər tarixi nailiyyətlərimiz məhz milli oyanışımızdan qaynaqlanır.
Tədbirlər şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlərin səsləndirilməsi ilə yekunlaşmışdır.