Rayonumuzda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, dənizin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Pirallahı rayonunda da insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məsələlərinə daim prioritet istiqamətlərdən biri kimi yanaşılır. “IDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən çox ağac, o cümlədən Eldar şamı, zeytun, çinar, sərv, palma, rosemarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad) əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə Pirallahı rayonu yaradıldıqdan sonra, rayonda geniş quruculuq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər antisanitar vəziyyətdə əziyyət olan yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Aparılan quruculuq işləri ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atıldı. Ümumilikdə qrunt sularının yığıldığı sahələr, bataqlıqlar və göllərin qurudulması məqsədilə ərazilərə 250000 m³ həcmindən çox torpaq tökülərək hamarlanma işləri aparıldı. Rayon ərazisində sahəsi 6 hektardan çox olan 4 ədəd çirkab gölü quruduldu. Hal-hazırda Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yeni sahədə yerləşən gölün qurudulması işləri həyata keçirilir. Həmçinin Pirallahı Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən binaların zirzəmilərində və digər ərazilərdə mütəmadi olaraq monitorinqlər aparılır və müvafiq tədbirlər görülür
Qeyd olunmalıdır ki, aparılan bu işlər sakinlər tərəfindən hər zaman müsbət qarşılanır və görülən işlərə görə rayon əhalisi ölkə başçısı cənab İlham Əliyevə hər zaman öz minnətdarlıqlarını bildirirlər. Yaşıl adaya çevrilməkdə olan Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparilan addimlar bu tarixi məkanın özünəməxsusluğunu qorumaqla bərabər onun müasir simasını göz oxşayacaq qədər tanınmaz edir.