Rayonumuzda “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir
08 may 2024 | 17:11
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 08.05.2024-cü il tarixdə rayonun 168 və 235 nömrəli tam orta məktəblərində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Aparatının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin məsul əməkdaşları, tam orta məktəb direktorları və kollektivi, bələdiyyə sədrləri və şagirdlər iştirak etmişdir.
Tədbirlərin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, belə hadisələr zamanı davranış qaydalarının öyrənilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir
Tədbirlər zamanı yanğınsöndürmə vasitələrindən və əleyhqazdan istifadə qaydaları, yaralıların təxliyə olunması və ilkin tibbi yardımların edilməsi əyani olaraq iştirakçılara göstərilib. Həmçinin fövqəladə hallar zamanı məktəblilərin inzibati binalardan təxliyəsinin təşkili və yanğın ocağının söndürülməsi, baş vermiş fövqəladə halların qarşısının alınması üzrə praktiki təlimlər keçirilmişdir. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılmış və verilmiş suallar ətraflı cavablandırılmışdır.