Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda ictimai fəallıq göstərən ağsaqqalın yubileyi qeyd edildi

27 iyul 2023 | 15:29

   Uzun ömürlü insanlar diyarı kimi tanınan Azərbaycanda tarixən həmişə yaşlı nəslin nümayəndələrinə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət və ehtiram olmuşdur. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra uzunömürlülərə, ahıl insanlara diqqət və qayğı dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşını keçən Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

  Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev cənabları 2004-cü ildə uzunömürlülərin pasportlaşması, onlara qayğı göstərilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Dünyada yeganə olan Uzunömürlülər muzeyi də Azərbaycanda yerləşir. 2010-cu il iyunun 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyini açmışdır.

     Sevindirici haldır ki, Pirallahı rayonu da artıq uzun ömürlü insanların diyarına çevrilir. İyulun 27-də rayonun ictimai həyatında fəallıq göstərən sakinlərindən biri – Aydın Musayevin 85 illik yubileyi qeyd olundu. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları yubilyara RİH-nin başçısı Vasif İmanovun ən səmimi təbriklərini çatdırdı. Tədbir zamanı yubilyara Fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.

     Sonda Aydın Musayev xalqımıza uzunömürlülük arzulayaraq, Pirallahı  rayonunda yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirdi.

Keçidlər