Rayonumuzda iki mərkəzi küçəyə şəhidlərimizin adı verildi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. İkinci Qarabağ müharibəsində qazanılan zəfərimizdə, 30 il sonra geri alınan torpaqlarımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3000-ə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi vardır. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş Pirallahı rayonundan da 2 nəfər şəhidimiz vardır – Vüsal Babayev və Elmar Nəbiyev. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. İgidimiz, həmçinin Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı və “Azərbaycan Bayrağı” ordeni ilə də təltif edilib. Nəbiyev Elmar ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulunin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə Pirallahı rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının adları verilib. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş igidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə rayon mərkəzindəki iki küçə artıq qəhrəmanlarımızın adını daşıyır. Şəhidlərin adlarının verildiyi küçələr rayonun mərkəzini əhatə edir:
S/n |
Soyadı, adı, |
Adının verildiyi |
1 |
Babayev Vüsal Sübbuh |
Pirallahı qəsəbəsi, əvvəlki "Gülüstan" küçəsi - 168 №-li məktəbin qarşısı |
2 |
Nəbiyev Elmar Elman |
Pirallahı qəsəbəsi, əvvəlki "Dalğa" küçəsi - Yeni yaşayış kompleksinin qarşısı |
Rayon sakinləri, şəhid ailələrinin üzvləri rayon mərkəzindəki küçələrə igidlərimizin adlarının verilməsinə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, göstərdikləri igidlik, şücaət və qəhrəmanlıqları ilə tarix yazan şəhidlərin xatirəsi hər zaman böyük ehtiramla yad olunur. Şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq, bulaqlar açılır, eyni zamanda, onların adları məktəblərə, küçələrə verilir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin adları daim qəlbimizdə yaşayır.