Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Qubadlı şəhəri günü” qeyd edildi

25 oktyabr 2023 | 17:16
     25 Oktyabr 2023-cü il tarixdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən 168 №li tam orta məktəbdə “Qubadlı şəhəri günü” qeyd edildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, təhsil, mədəniyyət müəssisələrinin rəhbərlərinin və məktəbin pedoqoji və şagird kollektivinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
     Daha sonra natiqlər çıxış edərək Qubadlı şəhərinin işğal altına düşməsi və azad olunması, eyni zamanda hazırda şəhərdə görülən abadlıq-quruculuq işləri ilə bağlı auditoriyaya geniş məlumat verdilər. İlk olaraq RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i “Qubadlı Şəhəri Günü” kimi təntənəli şəkildə qeyd edilir. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. O da vurğulandı ki, qısa müddət öncə 15 oktyabr tarixində dövlət bayrağımızın Cənab Prezident İlham Əliyev tərəfindən Xocalıda, Xocavənddə, Əsgəranda və Xankəndidə dalğalandırılması ilə bütün ölkə ərazisində suverenliyimiz bərpa olundu. Bununla da ölkə başçımız xalqımızın çoxillik tarixinə daha bir möhtəşəm qələbə əlavə etdi.
      Daha sonra çıxış edən 168 №li tam orta məktəbin direktoru Elnur Bayramov isə qeyd etmişdir ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Hazırda bütün Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Qubadlıda da yüksək səviyyəli quruculuq işləri aparılır. Natiq əminliklə vurğuladı ki, Laçına, Füzuliyə, Zəngilana olduğu kimi yaxın gələcəkdə Qubadlıya da doğma sakinləri dönüş edəcəkdir.
      Tədbir məktəblilərin böyük zəfərimizə və Qubadlı şəhərinə həsr olunmuş kompozisiyaları ilə davam etdi. Sonda xatirə şəkli çəkdirildi.
Keçidlər