Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səyyar qəbullar davam etdirilir

07 iyun 2023 | 17:16
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
      İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 7 iyun 2023-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
     Sonra RİH başçısı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki,  artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Diqqətə çatdırıldı ki, iyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan həmin mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirdi. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.
      Sonra natiq bildirdi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərin miqyası göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritet istiqamətlərdən biridir. 27-28 may 2023-cü il tarixində Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfər etmişdir. Ölkə başçısı səfər çərçivəsində Laçın şəhərində bir qrup laçınlı sakinlə görüşmüş onlara evlərin açarlarını təqdim etmişdir.Hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət alır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu ərazilərdə yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.      
      Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma,  sahibsiz itlərin yığışdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər