Rayonumuzda səyyar qəbullar davam etdirilir
12 aprel 2023 | 17:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 12 aprel 2023-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
RİH başçısı bildirdi ki, aprelin 11-də Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Qeyd edildi ki, Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri baş tutub. Bildirildi ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Mehriban qonşuluq münasibətlərinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə bu gün də uğurla davam etdirilir. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Prezident cənab İlham Əliyevin Qazaxstana rəsmi səfəri çərçivəsində Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Cənab Prezidentin Qazaxıstan Respublikasına səfəri və səfər çərçivəsində qəbul olunan qərarlar türk dünyasının, türk dövlətlərinin hərtərəfli inteqrasiyasına, milli və mədəni bağlarının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Diqqətə çatdırıldı ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhələdaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.