Rayonumuzda səyyar qəbullar davam etdirilir
11 may 2023 | 14:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 11 may 2023-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı işlənib hazırlanmış və Plana uyğun olaraq müxtəlif elmi-praktik konfranslar, dəyirmi masalar, intellektual yarışlar, idman yarışları, ağacəkmə, qanvermə və humanitar aksiyalar keçirilmişdir. O cümlədən, may ayı ərzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pirallahı Tibb Mərkəzi” PHŞ-də könüllü qanvermə aksiyası, qəsəbənin girişində, körpünün yaxınlığında ağacəkmə aksiyası və onlarla qəsəbə sakinini sevindirən humanitar aksiya reallaşdırılmışdır. 10 may 2023-cü il tarixdə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar konfrans və təntənəli konsert proqramı təşkil olunmuşdur.
Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır.
Sonra natiq bildirdi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərin miqyası göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 8-9-da Şuşa şəhərinə səfəri bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir. Hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət alır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu ərazilərdə yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, tikinti işlərinin aparılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.