Rayonumuzda səyyar qəbullar davam etdirilir
11 yanvar 2023 | 17:26
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 11 yanvar 2023-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, yanvarın 9-da Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Diqqətə çatdırıldı ki, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu gün ölkəmiz beynəlxalq idman yarışlarına, mötəbər turnirlərə evsahibliyi edir. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Eyni zamanda qeyd edildi ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Azərbaycanda 2022-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, Zəngəzur dəhlizinin açılışına, qərbi azərbaycanlarının doğma torpaqlarına qayıtmasına, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Diqqətə çatdırıldı ki, Qarabağda və Sərgi Zəngəzurda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Füzuli və Zəngilan Hava Limanlarının açılışı, eyni zamanda, Laçın Hava Limanının inşası və Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin reallaşıdırılması və digər infrastruktur layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması, telefon xəttinin və internetin çəkilməsi, qazın təzyiqin artırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.