Rayonumuzda “Zəngilan şəhəri günü” qeyd edildi
20 oktyabr 2023 | 15:12
20 oktyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və 243 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, şagirdlər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev Zəngilan rayonuun siyasi və iqtisadi əhəmiyyətindən danışaraq bildirdi ki, Zəngilan ölkələrarası dəhlizlərə malik olmaqla çox mühüm strateji və unikal imkanlara sahibdir. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazaraq Zəngilan rayonu işğaldan azad olundu. 2020-ci il oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsi ilə Zəfərimizə gedən yol xəritəsi daha da genişlənməyə başladı. “Zəngilan şəhəri günü”nün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunduğunu xatırlatan natiq bu münasibətlə bütün zəngilanlıları və xalqımızı təbrik etdi.
Daha sonra 243 nömrəli tam orta məktəbin direktoru Mehparə Mansırova çıxış edərək vurğuladı ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu tarixi Zəfəri böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır.
Tədbir məktəblilərin böyük zəfərimizə və Zəngilan şəhərinə həsr olunmuş kompozisiyaları ilə sona çatdı. Sonda xatirə şəkli çəkdirildi.