Rayonun ümumtəhsil məktəblərində uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması və profilaktikası istiqamətində maarifləndirici konfranslar keçirilib
12 fevral 2026 | 12:49
12 fevral 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Uşaqlar arasında hüquq pozuntularının qarşısının alınması və profilaktikası istiqamətində” maarifləndirici konfranslar keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis İdarəsinin rəhbər heyəti və müəllim kollektivi iştirak ediblər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd ediblər ki, yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər yeniyetmələrin hüquqi maarifləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi və sağlam inkişaf mühitinin formalaşdırılmasına yönəlib.
Mövcud qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslər törətdikləri hüquqazidd əməllərə görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bununla yanaşı, onların yaş, psixoloji və sosial xüsusiyyətləri nəzərə alınaraq, əsas diqqət tərbiyəvi və profilaktik tədbirlərin tətbiqinə yönəldilir. Bu yanaşmanın məqsədi yeniyetmələrin islah olunması, təkrar hüquq pozuntularının qarşısının alınması və onların cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsidir.
Sonda tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılıb.






