Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal xidmətlərdən və “Mygov” platformasından istifadənin təşviqi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

08 oktyabr 2026 | 13:05
       Pirallahı rayonunda əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılması və vətəndaşların “Mygov” platformasından istifadəsinin təşviqi məqsədilə növbəti maarifləndirmə tədbiri keçirilib.
       2026-cı il 8 oktyabr tarixində keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının, idarə, müəssisə və təşkilatların məsul əməkdaşları iştirak ediblər.
       Tədbirdə rəqəmsal dövlət xidmətlərinin vahid platformada təqdim olunması, “Mygov” platformasının imkanları, vətəndaşların rəqəmsal xidmətlər barədə məlumatlandırılması və platformadan istifadəsinin təşviqi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
       Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il 11 fevral tarixində “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı dövlət xidmətlərinin “Mygov” üzərindən, vahid mərkəzdən həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, bununla əlaqədar Prezidentin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib.
      Fəaliyyət Planının müvafiq bəndlərinə əsasən rəqəmsal dövlət xidmətlərinin, o cümlədən sənədlərin “bir pəncərə” prinsipi əsasında yalnız “Mygov” və “Mygov Biznes” platformaları vasitəsilə təqdim edilməsi, eləcə də dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğv edilərək xidmətlərin “Mygov” və “Mygov Biznes” platformalarında birləşdirilməsi nəzərdə tutulur.
      Fəaliyyət Planına əsasən dövlət qurumları tərəfindən əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılması, vətəndaşların “Mygov” platformasından istifadəyə yönləndirilməsi və bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
       Həmçinin rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələrinin hazırlanması və icrası müəyyən edilib. Bu çərçivədə Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi təsdiqlənib və vətəndaşlara “Mygov” tətbiqinin yüklənməsi və qeydiyyatdan keçilməsi ilə bağlı dəstək göstərilməsi nəzərdə tutulub.
      Maarifləndirmə tədbirində qeyd olunan istiqamətlər üzrə görüləcək işlər müzakirə edilib. Əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılması, vətəndaşların “Mygov” platformasının imkanları ilə tanış edilməsi, platforma üzərindən təqdim olunan rəqəmsal dövlət xidmətlərindən istifadənin təşviqi, eləcə də “Mygov” tətbiqindən istifadəyə dair vətəndaşlara zəruri məlumat və dəstəyin göstərilməsi istiqamətində işlərin davam etdirilməsi qeyd olunub.

 

Keçidlər