“Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib
24 aprel 2026 | 13:33
24 aprel 2026-cı il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirillib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin çağrışaqədərki hazırlıq rəhbərləri və məktəblilər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər yarışda iştirak edən komandalara uğurlar arzulayaraq bildiriblər ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, hərbi sarğı və mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yarışda iştirak edən 186 nömrəli tam orta məktəbin komandası birinci yeri tutaraq Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona mərhələsinə vəsiqə qazanıb. 243 nömrəli tam orta məktəbin komandası ikinci, 168 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.






