Sakinlərlə növbəti səyyar görüş keçirildi
01 fevral 2023 | 17:12
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 1 fevral 2023-cü il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov bildirildi ki, Azərbaycan gəncləri 44-günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazdılar. Bununla da gənclərimiz fevralın 2-ni Azərbaycanda gəncləri günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Həyata keçirilən düzgün dövlət siyasətinin nəticəsidir ki, gənc nəsil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir.
Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır.
Qeyd edildi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Qısa müddət ərzində Azərbaycan Prezidenti Macarıstana, Misirə, Birləşmiş Ərəb Əmirliklərinə səfər etmiş, Davos İqtisadi forumunda iştirak etmişdir. Ölkə başçımızın hər bir səfəri, hər bir konfransda, sammitdə iştirakı öz-özlüyündə olduqca əhəmiyyətli olmaqla, regionun bundan sonrakı yol xəritəsinin çəkilməsində birbaşa rol oynayır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, fərdi evin sənədləşdirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.