Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüş keçirildi

25 oktyabr 2023 | 18:01
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 25 oktyabr 2023-cü il tarixdə 243 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
       Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
      Sonra V.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki,  artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Natiq  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirmişdir. Hazırda Azərbaycanın möhtəşəm inkişaf dövrünü yaşadığını qeyd edən RİH başçısı bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Diqqətə çatdırıldı ki, 25 oktyabr 2020-ci il tarixində xalqımızın Qubadlı həsrətinə son qoyulmuş, doğma torpağımızda üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır. O da vurğulandı ki, işğal altında olan hər bir kəndimizin, hər bir şəhərimizin azad olunduğu gün tariximizə Zəfər salnaməsi kimi həkk olunub. Bu torpaqların hər qarışı uğrunda Azərbaycan Ordusu mərdliklə döyüşərək tarixi ədaləti bərpa edib.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, məhəllədaxili yolları asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər