Sakinlərlə növbəti səyyar görüş keçirildi
03 may 2023 | 17:43
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 3 may 2023-cü il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra RİH başçısı bildirdi ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı rayonumuzda silsilə tədbirlər keçirilir. Qeyd edildi ki, mayın 10-da Pirallahı qəsəbəsində yerləşən Gənclər Parkında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcəkdir. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar və sakinlər həmin tədbirdə fəal şəkildə iştirak edəcəklər.
Sonra Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edildi ki, aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər. Bu festival qardaş ölkənin digər sahələrdə olduğu kimi, kosmos, aviasiya və texnologiya sahələrində də necə sürətlə inkişaf etdiyini göstərir. On minlərlə “TEXNOFEST” iştirakçısı Azərbaycan Prezidentinin “Bir millət, iki dövlət, bir yumruq” tezisini alqışladı. Natiq, həmçinin, bildirdi ki, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin konfransda iştirak edib.
Sonra natiq bildirdi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərin miqyası göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Ağdam rayonuna səfəri bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir. Hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət alır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu ərazilərdə yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, Əlilliyin müəyyən edilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.