Sakinlərlə növbəti səyyar görüş keçirildi
29 noyabr 2023 | 16:46
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 29 noyabr 2023-cü il tarixdə 243 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra V.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Natiq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirmişdir. Hazırda Azərbaycanın möhtəşəm inkişaf dövrünü yaşadığını qeyd edən RİH başçısı bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, ağacların budanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.