Sakinlərlə növbəti səyyar görüş keçirildi
18 noyabr 2022 | 16:42
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 18 noyabr 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Rayon rəhbəri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və tərəqqisi naminə həyata keçirilən köklü islahatlar, geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıb, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Qeyd olundu ki, mövsümə hazırlıqla əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda, rayonun idarə və müəssisələrində, kommunal xidmət təşkilatlarında da mövsümə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb. Rayon ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, iaşə və ticarət obyektlərində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirləri aparılıb, yanğından mühafizə qurğularının, həmçinin, qazanxanaların, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması yoxlanılıb. Rayon ərazisində yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqlar quraşdırılıb. Həmçinin, qeyd edildi ki, qanunsuz küçə ticarəti ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, mütəmadi olaraq monitorinqlər aparılır. Həmçinin, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları monitorinqlər zamanı aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. V.İmanov payız-qış mövsümündə hava şəraitinin sərt keçəcəyini bildirərək qeyd etdi ki, kəskin soyuq, qarlı-şaxtalı keçən günlərdə qərargah üzvləri, həmçinin, rayonun təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq və hər hansı fövqəladə hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı lazımı işlər görüləcəkdir. Natiq qeyd etdi ki, Gürgən qəsəbəsində də geniş-miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Mövcud qəsəbədaxili uzunluğu 2000 m yol yenidən qurulur və yol kənarı hissələrdə ümumi uzunluğu 1200 m olan yeni piyada səkiləri quraşdırılır. Həmçinin ərazidə yerləşən mövcud tikililərin fasadlarının təmir-bərpa işləri davam etdirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, qaz xəttinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.