Şəhid ailələri ziyarət olundu
08 iyul 2022 | 16:00
08 iyul 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov Qurban bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən müharibəsinin şəhid ailələrini ziyarət ediblər.
Şəhid ailələri ilə görüş zamanı Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi olaraq yaxından maraqlanırlar. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bütün ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov sosial ədalət və Tanrıya sonsuz inam rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə onları təbrik edərək, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasını xüsusi vurğulayaraq bildirib ki, müqəddəs savaşda tarixi Qələbə, şübhəsiz, ilk növbədə bu yolda canından-qanından keçən, hər addımında bütün varlığı ilə doğma torpağına bağlı olduğunu sübut edən igid Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunub. Şəhid ailələri və qazilərimiz daim diqqət və qayğı ilə əhatə olunmalıdır və həmişə belə olacaqdır.
Qeyd edək ki, ziyarət zamanı şəhid ailələrə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim edilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.