Şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir
19 sentyabr 2026 | 12:40
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon Bölməsinin sədrinin iştirakı ilə şəhid ailəsinə növbəti diqqət və qayğı göstərilib.
Görüş çərçivəsində şəhidin övladları ad günləri münasibətilə ziyarət olunub, onların əlamətdar günləri təbrik edilib və hədiyyələr təqdim olunub. Səmimi söhbət zamanı şəhid övladlarının qayğıları və arzuları dinlənilib, onlara xoş diləklər çatdırılıb. Bildirilib ki, şəhid ailələri və şəhid övladları daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli və mənəvi dəstəyin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Ziyarət zamanı şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların ailə üzvlərinə mənəvi dəstəyin bariz ifadəsidir. Bu cür görüşlər şəhid ailələrinin daim diqqətdə saxlanılmasına, onların sevinc və qayğılarının bölüşülməsinə, cəmiyyətin şəhid ailələrinə həssas münasibətinin daha da möhkəmləndirilməsinə xidmət edir.







