Şəhid baş leytenant Vüsal Babayevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir
25 oktyabr 2023 | 14:02
25 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və ailə üzvləri tərəfindən şəhidin İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışmış, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirmişdir. Hazırda Azərbaycanın möhtəşəm inkişaf dövrünü yaşadığını qeyd edən natiq, bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. V.İmanov nitqinin sonunda şəhid baş leytenant Vüsal Babayevin timsalında hər bir şəhidin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğuladı. Əlavə olaraq, natiq Pirallahı rayonundan onlarla gəncin Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunduğunu bildirdi.
Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.