Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cahangirov Tural Qələmhüseyn oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

19 sentyabr 2025 | 16:03
       19 Sentyabr 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və 168 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Şəhid kiçik leytenant Cahangirov Tural Qələmhüseyn oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, şəhidin döyüş yoldaşları, ailə üzvləri və məktəb kollektivi iştirak etdi.
       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Şəhid Tural Cahangirova həsr olunmuş videoçarxın nümayişi ilə öz işinə başladı.
        Ardınca, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror əməliyyatları və şəhid kiçik leytenant Tural Cahangirovun qəhrəmanlığı haqqında danışdı. O, qeyd etdi ki, cəmi bir gündən az müddətdə icra olunan bu uğurlu əməliyyatlarla Azərbaycan Respublikası öz suverenliyini tam bərpa etdi. Ölkəmizin konstitusion quruluşu bütün ərazilərimizdə, o cümlədən Qarabağda tam təmin olundu. V.Səfixanov vurğuladı ki, dövlətimizin qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun peşəkarlığı bu uğurun əsas təminatçısı olmuşdur. Həmçinin qeyd edildi ki, Vətən müharibəsində və lokal anti-terror əməliyyatlarında iştirak edən, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlər – məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında formalaşmış, Vətənpərvərlik ruhunda böyümüş gənclərdir. Bu, Azərbaycanın yürütdüyü strateji xəttin və gənclər siyasətinin düzgünlüyünü aydın şəkildə təsdiqləyən amildir. Vəzir Səfixanov şəhid Tural Cahangirovun anım günündə onun göstərdiyi şücaətə xüsusi diqqət çəkərək bildirdi ki, Turalın fədakarlığı və Vətənə olan sarsılmaz sevgisi hər bir Azərbaycan gənci üçün nümunə olmalıdır. Onun qəhrəmanlığı unudulmayacaq və gələcək nəsillərə örnək olaraq yaşayacaqdır.
       Daha sonra şəhidin müəlliməsi Kəklik Böyükkişiyeva çıxış edərək, Tural Cahangirov haqqında xatirələrini bölüşdü. O, dərin kədər və böyük fəxr hissi ilə bildirdi ki, Tural vətəninə bağlı, məsuliyyətli, nizam-intizamlı bir gənc idi. Uşaqlıqdan Vətənə sevgisi onun sözlərində, davranışlarında hiss olunurdu. Müəllimə çıxışında şəhidin qəhrəmanlığına xüsusi diqqət çəkərək vurğuladı ki, Turalın adı daim bizim qəlbimizdə yaşayacaq, o, heç zaman unudulmayacaq.
       Yekun olaraq, şəhid Tural Cahangirovun həyat yoldaşı İlahə Eyvazova çıxış edərək bildirdi ki, o şəhid ailəsi olmaqdan qürur duyur. Şəhid xanımı qeyd etdi ki, şəhidlərimizin canı bahasına qazandığımız bu azadlığın dəyərini hər bir Azərbaycan vətəndaşı bilməli və onların ruhuna layiq şəkildə yaşamalıdır. O, həmçinin vurğuladı ki, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı onları daim ruhlandırır və unudulmadıqlarını hiss etdirir.
      Tədbir bədii hissə ilə davam etdi. Sonda xatirə şəkli çəkdirildi və şəhid Tural Cahangirovun 168 nömrəli tam orta məktəbdə təhsil alan iki övladına doğum günləri münasibətilə hədiyyələr təqdim olundu.
Keçidlər