“Tarixi zəfərdən yenidənqurma və böyük qayıdışa doğru” mövzusunda tədbir keçirildi
07 iyul 2022 | 17:12
7 iyul 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində “Tarixi zəfərdən yenidənqurma və böyük qayıdışa doğru” mövzusunda tədbir təşkil olundu. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvləri Rauf Əliyev, Arzu Nağıyev, Kamal Cəfərov, İltizam Yusifov, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, “Neft Daşları” NQÇİ-nin rəisi Baləli Cəfərov və neftçilər iştirak etdi.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkında Ümummilli liderin abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoydular. Qonaqlar Heydər Əliyev muzeyi ilə tanış olduqdan sonra Vasif İmanov “Böyük Qayıdış” və “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitablarını muzeyə hədiyyə etdi.
Daha sonra toplantı Neft Daşları NQÇİ-nin Mədəniyyət evində davam etdirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Biz Qarabağı unutmadıq!” başlıqlı film tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Tarixi zəfərdən yenidənqurma və böyük qayıdışa doğru” mövzusunda keçirilən tədbirin çox böyük əhəmiyyətə malik olduğunu bildirərək qeyd etdi ki, müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ulu öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çoxəsrlik tariximizə Zəfər Gününü yazdı.
Həmçinin İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, Ulu öndər “Neft Daşları XX əsrdən XXI əsrə atılmış körpüdür” deyib. Bu cümlənin çox böyük məna yükü var. Ümummilli lider Heydər Əliyevin başqa bir vaxt dediyi “Neft Daşları olmasaydı, nə “Azəri” olardı, nə “Çıraq”, nə də “Bakı-Tbilisi-Ceyhan” sözləri sanki bu fikri tamamlayır. Ümummilli lider Heydər Əliyev burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüşdür. Buraya səfər edəndən sonra Neft Daşları haqqında həqiqəti özünün dahiyanə fikri ilə ifadə etmişdi: “Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”.
Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev öz çıxışında qeyd etdi ki, bu gün Azərbaycan dünyada ən sürətli və keyfiyyətli postkonflikt quruculuğu və standartları ilə adını tarixə yazdırır. İşğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının təşkil edilməsi, iqtisadiyyatın bərpası istiqamətində atılan addımlar, infrastrukturun təkmilləşdirilməsi bölgənin reinteqrasiyası və dirçəldilməsi üçün böyük imkanlar açır. Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirdiyi irimiqyaslı layihələr, möhtəşəm qələbələr, Müzəffər Ali Baş Komandan kimi rəşadətli ordumuzla əldə etdiyi tarixi Zəfərlə Prezident İlham Əliyev bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla apararaq əzəli torpaqlarımıza Böyük Qayıdışımızı gerçəyə çevirir.
Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Kamal Cəfərov çıxış edərək qeyd etdi ki, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib. Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olduğunu nəzərə alaraq cənab Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşa şəhərində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən icra olunan genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəni abidələr yüksək keyfiyyətlə bərpa olunduğunu qeyd edən natiq Qarabağın əvvəlki şöhrətinin özünə qaytarılacağına əmin olduğunu diqqətə çatdırdı.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov çıxış edərək qeyd etdi ki, Düşmən bizim torpaqlarımızı işğal etməklə ölkəmizə həm iqtisadi, həm də ekoloji ziyan vurub. Bu istiqamətdə ilkin qiymətləndirmə aparılıb və beynəlxalq təşkilatlar da məlumatlandırılıb. Uzun sürən işğaldan sonra Şanlı Azərbaycan Ordusu cəmi 44 günə Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı azad etdi. Lakin vandal düşmən işğaldan azad etdiyimiz ərazilərdə özlərindən geriyə xarabalıqlar və ekoloji fəlakət qoyub gedib. 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də 30 il idi ki, barbar ermənilər tərəfindən talan edilən, viranəyə çevrilən yurdlarımızı bərpa-quruculuq meydanına çevirdi. Onilliklər boyu yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın qısa müddət ərzində öz dədə-baba torpaqlarına qovuşdurulması üçün böyük işlər həyata keçirilir. Bu gün biz Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana və Qubadlıya da gedə bilirik. İşğaldan azad olunmuş ərazilərin bərpası sahəsində Prezident İlham Əliyevin başçılığı ilə aparılan cari və perspektiv işlər Böyük Qayıdış planlarının reallaşdırılmasının təcəssümüdür.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev çıxışında qeyd etdi ki, XXI əsrdə qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraitində hər bir ölkənin qarşısında duran strateji vəzifə, prioritet məsələ müstəqilliyin qorunması fonunda dayanıqlı inkişafın təmin olunmasıdır. 44 günlük Vətən müharibəsində düşmən üzərində Zəfər qazanaraq Müzəffər Ali Baş Komandan kimi adını qızıl hərflərlə şanlı tariximizə yazdıran Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının lideridir. Cənab Prezidentin çoxşaxəli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə uğurlara imza atmışdır. Dövlət başçısının xalqa layiqli xidməti uca millətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir.
Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu on yeddi il ərzində qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi, möhtəşəm Zəfərin, misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, Vətən tarixinə yazdırdı.
Tədbirin sonunda rayonun mədəni-ictimai həyatında fərqlənən, eyni zamanda Vətən Müharibəsi iştirakçısı olan NQÇİ əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.