“Təhlükəsiz tullantıların qanunvericiliyin tələblərinə uyğun idarə edilməsi sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi və bu sahədə aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təmin edilməsi” mövzusunda tədbir keçirildi
02 may 2025 | 17:49
Azərbaycan Respublikasının Hesablama Palatasının 27 yanvar 2025-ci il tarixli Kollegiya qərarında qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə “Tullantılar” haqqında Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun xidməti ərazidə təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emal müəssisələrinə göndərilməsi və idarə edilməsi sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, rayonun sanitar-epidemioloji, kommunal-təsərrüfat idarələrinin və Pirallahı bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbir çərçivəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin istifadəsinin tənzimlənməsi, mətbuatla iş və ekoloji maarifləndirmə sektorunun müdiri Rafiq Ədilov və məsləhətçisi Sabirə İmaməlili tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları barədə məlumatlar verdilər.
Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini İsmayıl Əliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyi gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Ölkə başçısı Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra rayonda ekoloji durumun yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirilməsinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində rayon yarandığı gündən indiyədək 300000-dən çox müxtəlif ağac tingləri əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir. Diqqətə çatdırıldı ki, Pirallahı rayonu ərazisində tullantıların toplanması və daşınması işləri 2023-cü ildən etibarən “Bakı Kommunal Xidmətləri” MMC tərəfindən həyata keçirilir. Tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil verilir. Rayon ərazisində ümumilikdə 89 ədəd konteyner meydançası və bu meydançalarda 496 ədəd yeni müasir tipli plastik tullantı konteynerləri mövcuddur. Rayon ərazisində məişət tullantılarının vaxtında yığılması və daşınması işlərinə müntəzəm olaraq nəzarət olunur. Ərazi üzrə RİH-nin əməkdaşları tərəfindən də müntəzəm monitorinqlər həyata keçirilir.
Tədbir sonra diskussiya şəklində davam etdirildi, suallar cavablandırıldı.