Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil müəssisələrində 8 Noyabr - Zəfər gününün beşinci ildönümü və Dövlət bayrağı günü münasibətilə silsilə tədbirlər keçirilir

06 noyabr 2025 | 08:59
05–06 noyabr 2025-ci il tarixlərdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları və məktəb kollektivləri iştirak ediblər. Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirlərdə çıxış edən natiqlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışaraq vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək xalqımızın 30 illik torpaq həsrətinə son qoyub. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, diplomatik məharəti və orduya göstərdiyi diqqət və qayğı qələbəmizin əsas təminatçısı olub. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə Azərbaycanın haqq səsi qalib gəlib. Qeyd olunub ki, hər bir vətəndaş Qarabağ müharibəsində canını Vətən uğrunda fəda edən şəhidlərimizin qəhrəmanlıq yolundan örnək götürməli, onların göstərdiyi igidlik nümunələrinin gənc nəslə çatdırılmasına töhfə verməlidir. Natiqlər çıxışlarında 8 noyabr tarixinin xalqımızın ən əziz və qürurverici günlərindən biri olduğunu vurğulayaraq bildiriblər ki, vətənpərvərlik hissinin uşaqlar, yeniyetmələr və gənclər arasında möhkəmləndirilməsi təhsil müəssisələrinin əsas vəzifələrindən biridir.
Tədbirlərdə, həmçinin, 9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, üçrəngli bayrağımız hər bir azərbaycanlının milli qürur rəmzidir və onun ucaldılması xalqımızın müstəqil dövlət qurmaq iradəsinin təcəssümüdür. Hər iki əlamətdar günün ölkə üzrə böyük coşqu ilə qeyd olunmasının gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm milli-mənəvi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirlər şagirdlərin ifasında təqdim olunan ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeirlərlə davam edib.
06 noyabr 2025-ci il tarixdə 8 Noyabr - Zəfər gününün beşinci ildönümü ərəfəsində 168 №li tam orta məktəbdə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” başlıqlı tədbir keçirilib. Pirallahı Rayon İcra Hakimiyyəti  başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədovun və Vətən müharibəsi iştirakçılarının iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbirdə Vətən müharibəsi iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüblər, gənclərə Vətənə sədaqət, dövlətə bağlılıq və vətənpərvərlik ruhunda böyüməyin vacibliyini vurğulayıblar.
Keçidlər