Təhsil müəssisələrində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
26 fevral 2026 | 14:58
24–26 fevral 2026-cı il tarixlərində Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər Xocalı soyqırımının dəhşətləri və tarixi həqiqətləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Qeyd edilib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı aktını törədiblər. Amansızlığına görə dünya tarixində baş vermiş ən qəddar cinayətlərlə müqayisə olunan bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə və beynəlxalq sülhə qarşı yönəlmiş ağır cinayət kimi qiymətləndirilib. Bildirilib ki, həmin qanlı gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalır.
Yekunda vurğulanıb ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olub. 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərarın qəbul edilməsi bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymətin verilməsinin əsasını təşkil edib. Sonrakı illərdə Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunub.
Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olunub. Xocalı şəhərinin işğaldan azad edilməsi və dövlət suverenliyinin bərpası tarixi ədalətin təmin olunması, şəhidlərimizin qisasının alınması və onların əziz xatirəsinin uca tutulmasının bariz nümunəsi kimi dəyərləndirilib.
Tədbirlər şagirdlərin ifasında şeirlər və ədəbi-bədii kompozisiyalarla başa çatıb.






