Təhsil və mədəniyyət müəssisələrində 27 sentyabr-Anım günü təntənə ilə qeyd edildi
27 sentyabr 2024 | 15:29
27 sentyabr 2024-cü il tarixdə Anım günü münasibətilə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə silsilə tədbirlər keçirildi.
Azərbaycan Respublikasının dövlət himni və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbirlərdə şəhidlərin xatirəsinə həsr edilmiş bədii kompozisiyalar, musiqi nömrələri və şeirlər səsləndirildi.
Bu mühüm tədbirlərdə RİH Başçısı Aparatının məsul əməkdaşları şəhidlərin xatirəsinə həsr olunmuş nitqlərlə çıxış edərək, Vətən uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq nümunələri, şəhidlərimizin misilsiz fədakarlığı və onların Azərbaycanın ərazi bütövlüyü naminə göstərdikləri şücaəti vurğuladılar. Eyni zamanda, çıxışlarda ölkəmizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin əhəmiyyəti qeyd edildi. Natiqlər bildirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, əzmkar liderliyi və ordumuzun gücü sayəsində 30 il davam edən işğala son qoyulub və ölkəmizin suverenliyi bərpa edilib. Sonda, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi vurğulanaraq, Azərbaycanın gələcəyi olan gənclərin öz tarixlərini və şəhidlərini unutmaması üçün bu kimi tədbirlərin davamlı olaraq təşkil olunmasının əhəmiyyəti qeyd edildi.