Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
12 dekabr 2024 | 14:44
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 21-ci ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə və təhsil ocaqlarında silsilə tədbirlər keçirildi, tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı.
12 dekabr 2024-cü il tarixində Pirallahı qəsəbə Məscidində Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə və müəssisə rəhbərləri, habelə rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafındakı əvəzsiz rolunu və xalqın birliyinə verdiyi önəmi vurğuladı. O, Ulu Öndərin apardığı siyasi kursun və onun bənzərsiz liderlik keyfiyyətlərinin ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki əhəmiyyətini qeyd etdi. RİH başçısı, həmçinin, Heydər Əliyevin ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın qlobal arenada daha da gücləndiyini bildirdi.
Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Heydər Əliyevin rayonumuza etdiyi səfərlərdən bəhs edərək, hər bir səfərin unudulmaz anlarla yaddaşlara həkk olduğunu vurğuladı. Natiq qeyd etdi ki, Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev qlobal reallıqları ustalıqla nəzərə alaraq, Ulu Öndərin yolunu qətiyyətlə davam etdirir və ölkəmizi yeni zirvələrə daşıyır.
Son olaraq, Pirallahı qəsəbə Məscidinin imamı Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxuyub, ona Allahdan rəhmət dilədi.
Daha sonra müasir, müstəqil və qalib Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Aparatının məsul əməkdaşları və rayon ictimayyətinin nümayəndələri Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad etdilər.