Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

12 dekabr 2025 | 13:25
      12 dekabr 2025-ci il tarixində Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi təşkil olunmuşdur. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
       Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Ümummilli Lider Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etdiyini bildirərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi inkişafında, beynəlxalq arenada nüfuzunun artmasında Ulu Öndərin misilsiz xidmətləri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider və cəsarətli insan kimi həyatını doğma xalqına həsr etmiş, bütün dönəmlərdə xalqa sədaqətlə xidmət etmişdir. O, xalqın dəstəyini hiss edərək Azərbaycanı daim inamla irəli aparmışdır.
       Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev müasir dünya tarixinə böyük dövlət xadimi, fitri istedad sahibi və müdrik lider kimi daxil olmuşdur. Onun həyat yolu yüksək insani və əxlaqi dəyərləri özündə cəmləşdirən bir məktəbdir. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi illər ölkəmizin tarixində intibah, milli tərəqqi, oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi yadda qalmışdır.
        Yekunda N.S. Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru Vasif Eyvazov və Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açmış, onun ölkədə müasir, inkişafyönlü təhsil sisteminin formalaşmasında əvəzsiz rolunu xüsusi vurğulamışlar.
        Tədbirin sonunda Pirallahı qəsəbə Məscidinin imamı Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxumuş,  ona Allahdan rəhmət diləmişdir.
      Daha sonra  müasir, müstəqil və qalib Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov,  Aparatının məsul əməkdaşları və rayon ictimayyətinin nümayəndələri Fəxri Xiyabanda Ümummilli Liderin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Keçidlər