“Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş konfrans keçirildi
01 dekabr 2023 | 09:28
30 Noyabr 2023-cü il tarixdə “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin məsul əməkdaşlarının iştirakı ilə “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş konfrans keçirildi. Konfrans öz işinə başlamadan öncə mövzuya həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi və Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev QİÇS-ə qarşı mübarizənin zəruriliyindən, o cümlədən bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən bəhs etdi. Natiq vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən başlayaraq, QİÇS haqqında məlumatlılığı artırmaq və bu sağlamlıq problemi qarşısında beynəlxalq həmrəylik nümayiş etdirmək üçün hər il dekabr ayının ilk gününü Ümumdünya QİÇS-lə Mübarizə Günü günü elan etdi və həmin vaxtdan etibarən bu tarix bütün dünyada qeyd olunmağa başladı. O da vurğulandı ki, ölkəmizdə hələ 1996-cı ildə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib.
Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin həkim-infeksionisti Arzu Ağayeva bildirdi ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Natiq vurğuladı ki, bir çox xəstəlikdə olduğu kimi, HİV infeksiyasının müalicəsində və gedişində erkən diaqnoz və buna əsasən erkən müalicə olduqca vacibdir.
Yekun olaraq Mərkəzin direktoru Gülarə Quluzadə və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək keçirilən tədbirin maarifləndirici əhəmiyyətə malik olduğunu qeyd etdi və rayon sakinlərini QİÇS-lə mübarizə tədbirləri çərçivəsində daha fəal olmağa çağırdı.
Sonda xatirə şəkli çəkdirildi.