Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman turniri keçirilib
02 may 2025 | 16:50
02 May 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin, YAP Pirallahı rayon təşkilatının və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Badminton Federasiyasının təşkilati dəstəyi ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş müəllimlər arasında badminton turniri keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və ATİAHİ Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbiri giriş sözü ilə açaraq, bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünü idman tədbiri ilə yad etmək, onun sağlam gənclik və güclü dövlət naminə gördüyü işlərə bir daha diqqət yetirmək üçün gözəl fürsətdir. O vurğuladı ki, Heydər Əliyev daim idmanın inkişafına xüsusi önəm verib, sağlam həyat tərzinin təbliğini ölkənin gələcəyi kimi dəyərləndirib. Onun rəhbərliyi ilə ölkəmizdə idman infrastrukturu genişlənmiş, Azərbaycan idmançıları dünya arenalarında uğurlar qazanmağa başlamışlar. Bu gün biz onun yaratdığı möhkəm təməllər üzərində daha da irəli gedir, idmanda, elmdə və bütün sahələrdə uğurlar qazanırıq. Bu tədbir də Heydər Əliyevin Azərbaycan gəncliyinə, güclü və vətənpərvər nəsillərə olan inamının təcəssümüdür.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin irsi bu gün hər bir sahədə, o cümlədən təhsil və idman müstəvisində də yaşamaqdadır. Müəllimlərin iştirakı ilə keçirilən bu turnir təkcə sağlam həyat tərzinin təbliği deyil, həm də vətənpərvərlik ruhunun, birlik və həmrəyliyin gücləndirilməsi baxımından önəmli təşəbbüsdür. Ulu Öndərin müəllimlərə və gənc nəslin formalaşmasında onların roluna verdiyi yüksək qiymət bu gün bizim fəaliyyətimizin əsas istiqamətlərindəndir.
Turnirin yekun nəticələrinə əsasən:
I yer - N.S.Teymurov adına 231 nömrəli tam orta məktəb
II yer - 186 nömrəli tam orta məktəb
III yer – Y.Əliyev adına 235 nömrəli tam orta məktəb
Turnirdə qalib gələn komandalara kubok, diplom və medallar təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.