Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilib

02 aprel 2026 | 16:33
      2 aprel 2026-cı il tarixində Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilib.
      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Aparatın məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Şirvan Süleymanov, Komitənin Bakı regional bölməsinin müdir müavini Amal Məlikov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, İnstitutun rektor köməkçisi Emin Orucov və rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagird kollektivi iştirak ediblər.
      Tədbiri giriş sözü ilə açan Vəzir Səfixanov qonaqların təşəbbüsünü yüksək qiymətləndirərək, bu görüşün şagirdlər üçün faydalı imkan yaratdığını bildirib.
       Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova və İnstitutun rektor köməkçisi Emin Orucov çıxış edərək təhsil ocağının missiyası, strateji vizyonu, dəyərləri, qəbul qaydaları və tədris prosesi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, İnstitutun əsas məqsədi din sahəsində yüksək ixtisaslı kadr hazırlığını beynəlxalq standartlara uyğun təmin etmək, eyni zamanda milli, dini və mənəvi dəyərlərin qorunmasına töhfə verməkdir. Natiqlər qeyd ediblər ki, bu ali təhsil müəssisəsini seçən tələbələr dövlət sifarişi əsasında təhsil almaq imkanı qazanır, müasir tələblərə cavab verən ixtisas proqramları, xarici dillərin öyrənilməsi və zəngin kitabxana-informasiya resurslarından yararlanırlar.
      Tədbirdə çıxış edən Pirallahı qəsəbə məscidinin imamı Mübariz Rəhimov da İnstitutun fəaliyyətini yüksək qiymətləndirərək, İslam və digər dünya dinləri üzrə dərin biliklərə malik, tolerant və obyektiv din xadimlərinin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
       Tədbir şagirdlərin suallarının cavablandırılması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
       Sonda qonaqlar Pirallahı qəsəbə məscidini ziyarət edib, onlara burada aparılan yenidənqurma işləri barədə geniş məlumat verilib.
Keçidlər