Pirallahı rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
28 oktyabr 2025 | 17:04
28 oktyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbin akt zalında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Ailə Sağlamlıq Mərkəzi”nin həkim-pediatrı, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etmişlər ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur.
Eyni zamanda, bildirilmişdir ki, qeyri-sağlam həyat tərzinin artması, düzgün maarifləndirilmənin olmaması, onların gənc yaşlarında tütün, spirtli içkilər və digər zərərli vərdişlərin aludəçisi olmalarına gətirib çıxardır. Qeyri-sağlam qidalanma, maddələr mübadiləsinin pozulmasında, gələcəkdə insan orqanizmində müxtəlif ağır fəsadlı xəstəliklərin inkişafında rol oynayır.
Tədbirin sonunda verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.






