Uşaqlar arasında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda dəyirmi masa keçirilib
01 noyabr 2022 | 17:04
01 noyabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun səhiyyə müəssisələrinin və qeyri-hökümət təşkilatlarının rəhbərləri, məktəbin şagird və müəllim kollektivi iştirak etdilər. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev və Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Təranə İskəndərova, Pirallahı Tibb Mərkəzinin həkimi Arzu Ağayeva, “Erkən nikah və onun fəsadları”, “qohumlar arasında nikah” və “Məişət zorakılığı nədir?” başlıqlı çıxışlarla şagirdləri geniş şəkildə məlumatlandırıblar.
Natiqlər qeyd etdi ki, erkən nikah və qohumlar arasında nikah halları ölkəmizdə də aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların, gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır.
Bundan başqa bildirildi ki, uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Bununla yanaşı, ölkəmizdə məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığı, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Sonda tədbirdə iştirak edən şagirdlər mövzu ilə bağlı fikirlər və suallar səsləndirdi. Onların sualları məsul şəxslər tərəfindən əhatəli şəkildə cavablandırıldı.