Uşaqlar arasında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib
20 oktyabr 2022 | 13:42
20 oktyabr 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən N.S.Teymurov adına 231 №li tam orta məktəbin akt zalında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon Polis Şöbəsinin əməkdaşı, rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və qeyri-hökümət təşkilatlarının rəhbərləri iştirak etdilər. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev və Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Pirallahı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Təranə İskəndərova “Erkən nikah və onun fəsadları,” “Sağlam həyat naminə erkən nikaha yox deyək” , “Məişət zorakılığı nədir?” başlıqlı çıxışlarla şagirdləri geniş şəkildə məlumatlandırıblar.
Natiqlər vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır.
Əlavə olaraq bildirildi ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kişilərin və bilavasitə uşaqların da məişət zorakılığının qurbanı ola biləcəyini təsdiq edir. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir. Tədbirin sonunda mövzu ilə əlaqəli video-çarx nümayiş olundu və şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.