Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirildi

05 noyabr 2024 | 16:08
         5 noyabr 2024-cü il tarixində Pirallahı qəsəbə məscidindəVətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolumövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Arzu Abdullayev, Süpay Məmmədov, Rəfail Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Bölməsinin məsul əməkdaşları  Nuru İmanov, Elşən Quluzadə, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı qəsəbə məscidinin imamı Mübariz Rəhimov, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar, gənclər və dindarlar iştirak etmişdir.
        İlk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
       Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbiri açıq elan edərək Vətən mühariəsindəki böyük Zəfərimizə gedən yolda milli-mənəvi dəyərlərin əhəmiyyyətini xüsusi vurğulamışdır. Mənəvi dəyərlər bir cəmiyyətdə tarixən formalaşan, əksəriyyət tərəfindən qəbul olunan və ictimai münasibətlərdə mühüm rol oynayan, insanların həyat tərzini, seçimlərini müəyyən edən dünyagörüşü, kollektiv aidiyyətlik hissləri yaradan və milli şüurun əmələ gəlməsində mühüm rol oynayan vacib komponentdir. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamışdır.
         Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Bölməsinin məsul əməkdaşları  Nuru İmanov və Elşən Quluzadə  çıxış edərək vurğulamışlar ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu öndər xalqımızın Azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli liderimiz Heydər Əliyev bu sahədə lazımlı addımların atılmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində milli-mənəvi dəyərlər sistemimiz daha da güclənmiş, aşınmadan xilas olmuş, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini vermişdir.
         Pirallahı qəsəbə məscidinin imamı Mübariz Rəhimov çıxış edərək bildirmişdir ki, din uzun tarixi dövr ərzində hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olmuşdur. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır, başqa sözlə, zəngin mənəvi dəyərlər sisteminə malik xalq olmağımızdır. Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Bu dəyərlərin içərisində ən ümdəsi ortaq Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan mənəvi dəyərlərdir. Məhz bu mənəvi dəyərlər bizim Vətənimiz və milli dövlətçiliyimiz naminə birliyimizi möhkəmləndirir və gələcəyə gedən yolumuza işıq tutur. 
        Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkmiş, bu sahədə yeniyetmə - gənclərə dəyərli tövsiyələrini vermişdir. Natiq qeyd etmişdir ki, hazırda Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür.
         Vətən müharibəsi iştirakçısı Süpay Məmmədov çıxışında qeyd etmişdir ki, milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının sərvətidir. Bu mənada xalqımızın sarsılmaz birliyi məhz milli-mənəvi dəyərlərimizə söykənir desək, yanılmarıq. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı  qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz bilrlikdə güclüyük” və “Qarabağ Azərbaycandır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi, elə gətirmədi də. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.
Keçidlər