Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik məqsədimiz və borcumuzdur” mövzusunda konfrans keçirildi

15 dekabr 2023 | 15:39
        15 Dekabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində “Vətənpərvərlik məqsədimiz və borcumuzdur” mövzusunda konfrans keçirildi. Konfransda Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Hərbi vətənpərvərlik və ideoloji şöbənin müdiri, ehtiyatda olan polkovnik  Adil Haqverdiyev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Pirallahı rayon filialının üzvləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak etdi.
         Əsas məqsədi gənclərə vətənpərvərliyin aşılanması və onların ənənəvi dəyərlər əsasında formalaşdırılması olan konfrans dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Tədbirdə ilk olaraq, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək, vətənpərvərlik tərbiyəsinin, öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazır olmağın olduqca vacib olduğunu bildirdi. Natiq, Ümummilli Lider Heydər Əliyevin daim gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi əhəmiyyət verdiyini də xatırlatdı. O da vurğulandı ki, tariximizin ən şanlı hadisəsi olan Vətən müharibəsində əsas aparıcı qüvvə gənclər idi. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənclərin müharibədə əsl vətənpərvərlik şücaəti göstərdiyi qeyd edildi.
         Daha sonra ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxış edərək keçdiyi döyüş yolundan ətraflı danışdı və vurğuladı ki, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. O cümlədən, təmsil etdiyi Təşkilatın da bu məsələyə xüsusi diqqət yetirdiyini bildirən A.Haqverdiyev məktəbli gənclərə  Azərbaycan Ordusunun keçmişi və bu günü, itirilmiş torpaqlarımız və şəhidlərimiz barədə məlumat verdi. Natiq qeyd etdi ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan Azərbaycanda yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, Vətən uğrunda canından belə keçməyə hazır olmalıdır.
           Sonda məktəblilərin ifasında şeirlər səsləndirildi və xatirə fotosu çəkdirildi.

 

Keçidlər