YAP Pirallahı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirib
20 noyabr 2026 | 12:26
Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatı partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərov, “Səs” Media Holdinqin rəhbəri, YAP Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ərazi partiya təşkilatlarının sədrləri, rayonun idarə və müəssisələrinin nümayəndələri, partiya fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov partiya üzvlərini və tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə siyasi sabitliyin təmin edilməsi və milli inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm tarixi hadisə olub. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddət ərzində xalqın böyük etimadını qazanaraq ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Emil Abasov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının çoxillik fəaliyyəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin, siyasi varislik ənənələrinin və milli maraqlara əsaslanan inkişaf modelinin ardıcıl şəkildə həyata keçirilməsi ilə səciyyələnir. Bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq dövlətçilik maraqlarının qorunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafı istiqamətində mühüm rol oynayır. Təşkilat sədri vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın siyasi və hərbi qüdrətini, xalqımızın milli birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. Bu qələbə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının uğurlu davamının parlaq təzahürüdür. Emil Abasov, həmçinin YAP Pirallahı rayon təşkilatının fəaliyyətindən danışaraq bildirib ki, təşkilat rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, partiyanın ideoloji prinsiplərinin təbliği, əhali ilə işin gücləndirilməsi, gənclərin siyasi proseslərdə iştirakının artırılması və dövlət siyasətinin ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. O qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri partiyanın sıralarının daha da möhkəmləndirilməsi, müasir dövrün tələblərinə uyğun fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə layiqli töhfə verməkdir.
YAP İdarə Heyətinin üzvü Asif Əsgərov çıxışında partiyanın 34 illik inkişaf yoluna nəzər salaraq bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən milli maraqların qorunmasını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və xalqın rifahının yüksəldilməsini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirib. O vurğulayıb ki, bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir siyasi təşkilat kimi fəaliyyətini uğurla davam etdirir, ölkənin əldə etdiyi tarixi nailiyyətlərdə və həyata keçirilən genişmiqyaslı islahatlarda yaxından iştirak edir. Asif Əsgərov partiya üzvlərini üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə, dövlətçilik ənənələrinə və partiyanın ideoloji prinsiplərinə sadiq qalmağa çağırıb.
Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs edib. O bildirib ki, partiyanın yaradılması Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı olub. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Vəzir Səfixanov partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək kollektivə gələcək işlərində uğurlar arzulayıb.
“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, ölkənin mürəkkəb ictimai-siyasi şəraitində Ulu Öndər Heydər Əliyevin üzərinə götürdüyü tarixi missiyadan və partiyanın keçdiyi inkişaf yolundan bəhs edib. O qeyd edib ki, YAP ötən 34 il ərzində güclü siyasi təşkilat kimi formalaşaraq Azərbaycan cəmiyyətində özünəməxsus mövqe qazanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin müasir tarixində mühüm mərhələ təşkil edir. Bəhruz Quliyev partiyanın bundan sonra da milli maraqların müdafiəsi və dövlətçilik ideyalarının təbliği istiqamətində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonda rayonun və YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.






