Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı konfrans keçirildi

23 avqust 2024 | 15:57
      23 avqust 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində sayca üçüncü ümumrayon tədbiri  keçirildi. “Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı tədbirdə RİH başçısının müavinləri Vəzir Səfixanov və İsmayıl Əliyev,  “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin "Su təchizatı və kanalizasiya sistemlərinin tədqiqatları" şöbəsinin müdiri Hamlet Fətdayev və “Meliorativ torpaqşünaslıq” sektorunun müdiri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhanə Şahmalıyeva, Pirallahı rayon Sukanal İdarəsinin rəhbərliyi və əməkdaşları, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil, mədəniyyət və sənaye müəssisələrinin, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etdilər.
      Tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və mövzu ilə əlaqədar video-çarxın nümayişi ilə öz işinə başladı. Daha sonra RİH başçısının birinci müavini Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq,  konfransın RİH başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planına uyğun olaraq keçirildiyini və müasir dünyamız üçün ən qlobal problemlərdən biri olan  su ehtiyatlarının tükənməsi probleminə diqqət çəkmək məqsədi daşıdığını bildirdi. Vurğulandı ki, su qıtlığı aclıq, xəstəliklər, iqtisadi tənəzzül və hətta müharibələrə yol aça bilər.  Buna görə də hər ötən gün suyun qorunması məsələsi daha da əhəmiyyətli bir hal alır. Natiq qeyd etdi ki, Pirallahı rayonu da uzun illər içməli su problemi ilə üzləşən bölgələrdən biri olmuşdur. Rayon, 150 illik tarixə sahib olmasına baxmayaraq, yalnız 2017-ci ildə, ölkə başçısının xüsusi diqqət və qayğısı və yekunda şəxsən iştirakı nəticəsində  içməli su ilə təmin olunmuşdur. Buna qədər qəsəbəyə Zirə quyu zonasından həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilir, Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin etməyə məcbur olurdular.  V.Səfixanov onu da vurğuladı ki, su problemlərinin həlli yalnız milli səylərlə məhdudlaşa bilməz. Bu problemlərin həlli üçün beynəlxalq həmrəylik və əməkdaşlıq mütləqdir. Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29, iqlim maliyyəsi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün ideal bir platforma olacaqdır. Natiq daha sonra rayon ərazisində görülən işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
      Daha sonra “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin "Su təchizatı və kanalizasiya sistemlərinin tədqiqatları" şöbəsinin müdiri Hamlet Fətdayev çıxış edərək, son illərdə ölkəmizdə sudan səmərəli istifadənin səmərəliliyinin artırılması və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə iri layihələrin icra edildiyini bildirən Natiq nəticədə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatının müasirləşdiyi və yaxşılaşdığını qeyd etdi. Nitqinin sonunda H.Fətdayev, suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılmasının vacibliyini qətiyyətlə vurğuladı.
Növbəti olaraq, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin sektor müdiri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhanə Şahmalıyeva söz aldı və natiq ölkəmizin yeraltı və yerüstü su ehtiyatları barədə geniş nitqlə çıxış etdi. Vurğulandı ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Bildirildi ki, ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları isə əsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır.
       Yekun olaraq, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyeva və "İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Pirallahı rayon Sukanal İdarəsinin əməkdaşı, Əməyin təşkili üzrə mühəndis Zaur Əliyev çıxış edərək, ölkəmizdə su ehtiyatlarının idarə edilməsi məqsədilə müasir texnologiyaların tətbiqi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində addımlar atıldığını bildirdi. O da qeyd edildi ki, cari il ölkəmiz çox böyük və mötəbər bir tədbirə ev sahibliyi edəcəkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ölkə başçımızın uzun illər ərzində yorulmadan bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə apardığı Böyük Ekoloji siyasətinin bəhrəsidir. Bu tədbir dünyanın müasir gündəmində ən aktual məsələlərdəndir.
        Tədbir mövzu ətrafında sualların cavablandırılması ilə sona çatdı.
 
https://sia.az/az/news/politics/1182296.html
 
https://gununxeberi.az/6207-yasil-dunya-namine-hemreylik-ili-cercivesinde-su-yasil-dunyanin-heyat-menbeyi-basliqli-konfrans-kecirildi.html
Keçidlər