“Yeni ilə təmiz şəhərlə” devizi ilə iməcilik aksiyası keçirildi
17 dekabr 2022 | 11:25
17 dekabr 2022-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi, Pirallahı rayonunda da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində “Yeni ilə təmiz şəhərlə” devizi ilə iməcilik aksiyası keçirildi. Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.
Aksiya zamanı küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən koronovirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını alınması məqsədi ilə yollar dezinfeksiya məhlulları ilə yuyuldu.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.