Zəfər Günü münasibətilə “8 Noyabr Zəfər Abidəsi” ziyarət olunub
09 noyabr 2026 | 11:11
8 Noyabr – Zəfər Günü münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də rayon ictimaiyyətinin təmsilçiləri “8 Noyabr Zəfər Abidəsi”ni ziyarət ediblər.
Ziyarət çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan dövlətinin gücünün, xalqımızın milli birliyinin və həmrəyliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, eləcə də Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının və qəhrəmanlığının parlaq təzahürüdür.
Qeyd olunub ki, bu möhtəşəm Qələbə xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olmaqla, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin edib, milli qürur və ləyaqət hissini daha da gücləndirib.
Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlığı və fədakarlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi olacaqdır.







