Şriftin ölçüsü :

Saytın rəngi :

"Zəfər günü" və "Dövlət Bayrağı günü" ilə bağlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir

07 noyabr 2024 | 17:24
      "Zəfər günü" və "Dövlət Bayrağı günü" münasibətilə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə RİH başçısı Aparatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
       İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
       Tədbirlərdə çıxış edən natiqlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün əhəmiyyətindən danışaraq bildirmişlər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu Vətən müharibəsində böyük şücaət göstərərək  Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoydu. Bildirildi ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir. 8 noyabr təqviminin xalqımızın ən əziz, xoşbəxt günü olduğunu vurğulayan çıxışçılar qeyd etmişlər  ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olmuşdur. 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması tarixindən bəhs edən natiqlər bildiriblər ki, bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Hər iki əlamətdar günün ölkədə böyük coşqu ilə qeyd edilməsinin gənclərə vətənpərvərlik ruhunun aşılanması baxımından milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulandı.
        Tədbirlər bədii hissə ilə davam etmiş, şagirdlər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeir proqramları təqdim olunmuşdur. Şagirdlərin çıxışları tədbirdə iştirak edənlər tərəfindən böyük maraqla izlənilmiş və alqışlarla qarşılanmışdır.
Keçidlər