Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər yolunun zirvəsi Şuşa”

22 noyabr 2022 | 16:02
     Noyabrın 22-də Pirallahı Rayon İcra Hakimiyyəti və “4 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Şuşa ili”nə həsr olunmuş “Zəfər yolunun zirvəsi Şuşa”  başlıqlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Yasamal rayon Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini Sevda Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş mətbuat müşaviri, Türkiyə Cümhuriyyətinin “Yeni Gün” qəzetinin yazarı Bülent Uğur, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirin rəsmi hissəsindən öncə qonaqlar mərkəzin inzibati binasında təşkil olunmuş Şuşa şəhərinin tarixi memarlıq abidələrinin əks olunduğu rəsm sərgisinə baxış keçirdi.
        Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Şuşanın keçmişi və bu günü  haqqında videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən natiqlər Şuşa şəhərinin Azərbaycanın Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğuladı. Bununla yanaşı qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin yanvar ayının 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Çıxış edən natiqlər onu da vurğuladı ki, Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mükəmməl hərbi əməliyyatlar keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək “alınmaz qala” hesab olunan Şuşanı işğalçılardan azad etmiş və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır. Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
       Yekunda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Şuşa ili”ndə Şuşanın adına layiq belə bir tədbirin keçirilməsinin rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayaraq tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğulayan V.İmanov 2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsinin böyük rəmzi, həmçinin siyasi məna daşıdığını diqqətə çatdırmışdır. Azərbaycanın beynəlxalq aləmdə, türk dünyasında nüfuzunun qalxmasının rəsmi Parisi qıcıqlandırdığını söyləyən natiq qeyd etmişdir ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir. Fransa Senatı tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu dayanıqlı sülhün təşviq edilməsindən çox uzaqdır. RİH başçısı onu da qeyd etdi ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra Cənubi Qafqazda yaranan tektonik yerdəyişmənin koordinatları İranı əməlli başlı narahatlıqlar kompleksinin içərisinə salıb. İranın ölkəmizlə həmsərhəd olan Arazboyu ərazilərdə hərbi təlimlər keçirməsi ölkəmizə qarşı açıq siyasi və hərbi təhdiddən başqa bir şey deyil. Ölkəmizdə öz çirkin təxribatçı əməllərini gərçəkləşdirmək üçün İran xüsusi kəşfiyyat idarələrinin maliyyələşdirdiyi casus dəstələri hüquq-mühafizə orqanlarımız tərəfindən ifşa olunaraq fars-molla rejimin iç-üzü açıq şəkildə nümayiş olunub. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadadan çıxması və bütün Türk dünyasının birləşəcəyindən ehtiyatlanaraq bu addımı atan fars molla rejimi avanturist və təxribatçı siyasət sərgiləməkdədir.
Tədbirin  bədii hissəsində 4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında vətənimizə, millətimizə və Zəfərimizə dair bir-birindən maraqlı şerlər səsləndirilmiş, mahnılar və rəqslər ifa edilmişdir.
     Sonda RİH başçısı və qonaqlar uşaqlarla şəkillər çəkdirmiş və onlara gələcək fəaliyyətlərində uğur və müvəffəqiyyət arzu etmişlər.

 

Keçidlər