Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
26 aprel 2024 | 15:28
Pirallahı rayonunda fəaliyyət göstərən səhiyyə, ümumtəhsil və mədəniyyət müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, səhiyyə, ümumtəhsil və mədəniyyət müəssisələrinin kollektivləri iştirak etmişdir.
Tədbirlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən video-çarxlar nümayiş olunmuşdur.
Çıxış edən natiqlər vurğulamışlar ki, özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə münlərlə insana xöşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan oftolmologiya məktəbinin yaradıcısı akademik Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşarlılıq haqqı verdiyi seçilmişlərdəndir. Görkəmli alim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında dosent, professor, kafedra müdiri vəzifələrində işləyərək, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparmışdır. Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin–peşə oftalmologiyasının əsasını qoyub. Zərifə xanım Əliyevanın şərəf və ləyaqətlə yaşanmış ömür yoluna nəzər yetirdikcə gözlərimiz önündə nəcib bir insan, görkəmli alim, xalqını, vətənini dərin məhəbbətlə sevən, ailəsinə sədaqət rəmzi olan zərif bir qadın obrazı canlanır. Zərifə xanım minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. Həyata gəlişi bahara təsadüf edən Zərifə xanım Əliyeva ən böyük ziyalı kimi həmişə adını uca tutduğu Azərbaycan xalqının, bütün elm və tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Zərifə xanım Ümummilli Lider Heydər Əliyev ilə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu gün ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir. Görkəmli alim, xeyirxah insan, qayğıkeş ana Zərifə xanım Əliyevanın adı qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaqdır.