Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimi keçirildi

19 noyabr 2018 | 11:00
      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir. Həmin tədbirlər çərçivəsində  18 noyabr 2018-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə fərqlənən 40 nəfər şagirdinin yolasalma mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, ziyalılar, məktəb direktorları, KIV nümayəndələri, valideynlər iştirak etdilər.
     Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında qeyd etdi ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin avqust ayından təşkil olunur. Layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiyanın təşkil edilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254  nəfər iştirak etmiş, cari ilin noyabr ayının növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 nəfərin iştirakı, bununla da, iştirakçıların sayı 23 444 nəfərə çatmışdır. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
      Qeyd edildi ki, növbəti 10-cu tur-aksiyada rayon məktəbliləri arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdi noyabr ayının 18-dən 21-dək Lənkəran, Masallı və Astaraya səfər edəcəklər. Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.
      Son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.
       Ölkəmizdə yeni-yeni istirahət guşələri, park və xiyabanların yaradılması və onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir. Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi də bu istiqamətdə həyata keçirilən önəmli layihələrdəndir. Park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində görülən işlərlə tanış olub.
          Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfər edəcək məktəblilər bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN Həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
      Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər ölkə başçısının və Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
 
 
 
 
Keçidlər